Türkiyə hərbi texnologiyası daha bir mühüm yeniliyi ilə diqqət çəkib. Türk şirkəti olan "Meteksan Savunma Sanayii A.Ş." 2019 -cu ildə imzalanan bir müqaviləyə əsasən, helikopterlər üçün aktiv lazer maneə aşkarlama sistemini (HETS) inkişaf etdirib.
NUHÇIXAN İnformasiya Agentliyi "Defenseturk" portalına istinadən xəbər verir ki, türk şirkətinin bu məhsulu ilk dəfə IDEF 2021 -də nümayiş olunacaq.
HETS maneə aşkarlama sistemi elektrik xətlərini, binaları, qüllələri, dirəkləri, ağacları, sıx meşələri və təpələri tanıya bilir. Bir maneə aşkar edildikdən sonra sistem helikopterdəki pilotu işıq və səs siqnalları ilə xəbərdar edir. İstehsalçı, HETS -in müxtəlif helikopter platformalarına asanlıqla inteqrasiya oluna biləcək şəkildə qurulduğunu bildirib. Cihaz yüngül çəkisi və aşağı enerji istehlakı ilə digər oxşar aparatlardan fərqlənir. Hətta HETS diametri 5 millimetr olan telləri belə aşkar etmək qabiliyyətinə malikdir və maneəni kilometr yarımdan müəyyənləşdirə bilir.