Birləşmiş Ştatlar Əfqanıstandakı diplomatlarını və mütəxəssisləri təxliyə etmək üçün bu ölkəyə qoşun hissələri göndərməyə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
Onun sözlərinə görə, Amerika hərbçilərinin əlavə kontingentinin əsas hissəsi həftənin sonunadək Əfqanıstanda yerləşdiriləcək. Bu kontingentə Kabil aeroportunda ABŞ diplomatlarının və mülki mütəxəssislərin ölkədən təhlükəsiz çıxarılmasını təmin edəcək üç tabor (üç min hərbi qulluqçu) daxildir. Dəniz piyadası taborlarından biri artıq Kabildədir – digərləri isə növbəti bir neçə gün ərzində Əfqanıstanın paytaxtına gələcək. İstirahət günlərinin sonuna qədər üç minlik hərbi kontingentin əsas hissəsinin şəhərdə yerləşdiriləcəyi gözlənilir.
Pentaqonun nümayəndəsi həmçinin qeyd edib ki, hazırda “Taliban” qüvvələri Əfqanıstan paytaxtını bilavasitə təhdid etmir, lakin onu ölkənin əsas hissəsindən təcrid etməyə çalışır. Vaşinqtonda taliblərin sürətlə irəliləməsini “böyük həyəcanla” izləyirlər.