“Dubay Ekspo 2020” sərgisinin Yaxın Şərq ölkələri üzrə ən yaxşı pavilyonları təqdim edilib - FOTOLAR
Ötən il COVID-19 pandemiyası səbəbindən təxirə salınan və bu il oktyabrın 1-dən 2022-ci il martın 1-dək 190 ölkənin iştirakı ilə keçiriləcək “Dubay Ekspo 2020” sərgisinin Yaxın Şərq ölkələri üzrə ən yaxşı pavilyonları təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə məxsus pavilyon qanadını açmış şahin formasındadır və onun dizaynına 7 ay vaxt sərf olunub. Pavilyonun sahəsi 15 min kvadratmetrdir. Binanın içərisində BƏƏ-nin tarixinə aid interaktiv panellər quraşdırılıb.
Səudiyyə Ərəbistanının pavilyonu sahəsinə görə üçüncü yerdədir. Ümumilikdə 13 min kvadratmetr sahəsi olan bu unikal binada 68 kvadratmetrlik LED ekran quraşdırılıb, həmçinin divarlarda ölkənin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş 14 məkanı əks olunacaq. Eyni zamanda, Səudiyyə Ərəbistanının pavilyonu döşəmədə 8 min LED işıq və 1302 kvadratmetrlik interaktiv rəqəmsal güzgüsü ilə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
İsrail pavilyonunun divarları səhranın rəmzi olan qum dənələri ilə işıqlandırılıb, həmçinin burada 630 kvadratmetrlik LED işıqları olan panellər quraşdırılıb. Sahəsinə görə birinci yerdə olan bu pavilyonun (15 min kvadratmetr) hündürlüyü 15 metrdir. Burada ziyarətçilər İsraildə olan insanlarla interaktiv ünsiyyət qura, habelə müxtəlif məlumatlar ala biləcəklər.
Küveyt pavilyonunun ümumi sahəsi 4450 kvadratmetrdir. Bu bina xüsusi arxitektura dizaynı ilə fərqlənir. Küveyt pavilyonunda da əsas elementlər səhra qumu, həmçinin onun üzərindəki şəlalədir.
Təqdimat mərasimində Misir və Omanın da pavilyonları nümayiş etdirilib.
Azərbaycan pavilyonu bu il iyunun 25-də Heydər Əliyev Mərkəzində keçirilmiş mərasimdə təqdim edilib.