Türkiyədə 2021-ci ildə 55 vilayətdə baş verən meşə yanğınları ümumilikdə 150 min hektar ərazini əhatə edib. Alovlardan evləri yararsız hala düşən vətəndaşlar üçün mənzilləri ən gec bir il ərzində tikib təhvil verəcəyik. Yanğın ərazilərində ən qısa zamanda tələf olan ağaclardan çox sayda tinglər əkiləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
Yağış və daşqınlar nəticəsində dünyasını dəyişən vətəndaşlara Allahdan rəhmət, doğma və əzizlərinə başsağlığı verən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, sel fəlakəti nəticəsində 979 ev, 100 kənd zərər çəkib. Zəruri ehtiyacların ödənilməsi üçün bölgəyə 72 milyon türk lirəsi yardım göndərilib. Prezident əminliklə bildirib ki, təbii fəlakətlərə qarşı daha əsaslı hazırlıqlar görüləcəkdir.
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı kütləvi peyvəndləmənin yüksək səviyyədə davam etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, artıq birinci doza peyvənd olanların ümumi sayı 73 milyon nəfəri ötüb.
Qarşıdan gələn tədris ilində peyvənd olmayan müəllimlər həftədə iki dəfə test olunacaqlar. Eləcə də, təyyarə və şəhərlərarası avtobus sərnişinlərindən infeksiyaya qarşı PCR yoxlaması tələb olunacaq. Maska taxmaq, sosial məsafə saxlamaq və təmizlik qaydalarına əməl etmə dəyişməz olaraq qalmaqdadır.
Prezident Rəcəb Tayyib Ərdoğan son günlər Əfqanıstanda baş verən proseslərə münasibət bildirərək vurğulayıb ki, qarışıqlıq səbəbindən türkiyəlilər oradan təxliyə olunub. Hazırda Türkiyədə 180 mini qeydiyyatda olmaqla 300 min əfqan qaçqın vardır.