Ermənistanda orduya verilən ərzaq məhsullarının hazırlanmasında və saxlanılmasında ciddi qanun pozuntularına yol verilib. Əsgər və zabitlər üçün nəzərdə tutulan ərzaq məhsullarının keyfiyyəti çox aşağıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Arşak Karapetyan nazirliyin sifarişi ilə ərzaq məhsullarının hazırlanması və saxlanılması üzrə xidmət göstərən təşkilatların nümayəndələri ilə görüşdə deyib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkənin silahlı qüvvələrinin və hərbi polisinin məsul şəxsləri yoxlamalar zamanı qeydə alınan pozuntular barədə məlumat verib, bəzi hallarda hərbi hissələrdə göstərilən yeməklərin və xidmətlərin keyfiyyətini xüsusilə aşağı olduğunu qeyd ediblər. Bildirilib ki, təşkilatlarla bağlanmış müqavilələr tələblərə cavab vermir.
Müdafiə naziri orduya verilən ərzaq məhsullarının hazırlanmasında və saxlanılmasında pozuntulara yol verən şirkətləri tənqid edib. O, qeydə alınan bütün çatışmazlıqların qısa müddətdə tamamilə aradan qaldırılması barədə tapşırıq verib.
A.Karapetyan hərbi polis nümayəndələrinə yeməkxanalarda və ərzaq anbarlarında gündəlik nəzarətin qurulmasını, habelə pozuntulara yol vermiş şirkətlərə qarşı bütün qanuni vasitələrdən istifadə olunmasını əmr edib.