Britaniyanın Baş naziri Boris Conson G7-nin “Taliban”la gələcəkdə qurulacaq əlaqələrlə bağlı yol xəritəsi qəbul etdiyini açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş nazir Boris Conson G7 ölkələrinin bu gün virtual keçirilən sammitindən sonra mətbuat konfransında deyib.
O bildirib ki, G7 təxliyə məsələsi ilə bağlı ortaq məxrəcə gəlib, eyni zamanda “Taliban”la gələcəkdə əlaqə qurma barəsində yol xəritəsi qəbul edib.
Baş nazir, həmçinin qeyd edib ki, G7 ölkələri 31 avqustdan sonra Əfqanıstanı tərk etmək istəyən insanların təhlükəsiz keçidində israr edəcək:
"G7 olaraq qoyduğumuz bir nömrəli şərt, 31 avqusta qədər və ondan sonra da çıxmaq istəyənlər üçün təhlükəsiz keçidin təmin edilməsidir. Bəziləri “Taliban”ın bunu qəbul etməyəcəyini söyləyəcək, ancaq G7-nin iqtisadi, diplomatik və siyasi baxımdan çox əhəmiyyətli gücü var”.
Baş nazir onu da bildirib ki, G7 gələcəkdə “Taliban”la ünsiyyət qurmağa razıdır, lakin Əfqanıstan yenidən terror yuvasına geri dönə bilməz və 18 yaşına qədər qızlar mütləq təhsil almalıdırlar.