Samsung bütün dünya üzrə oğurluq televizorları bloklaya biləcək TV Block texnologiyasını təqdim edib.
NUHÇIXAN İnformasiya Agentliyi Bleeping Computer portalına istinadla xəbər verir ki, yeni funksiya təhlükəsizliyi təmin edəcək və televizorların oğurlanması hallarını azaldacaq. Qurğudan yalnız onun qanuni sahibləri alışı təsdiqləyən sənədə malik olduqda istifadə edə biləcəklər.
Kompaniyada TV Block-un iş mexanizmini izah ediblər: televizor internetə qoşulduqdan sonra xüsusi alqoritm qurğunun seriya nömrəsini oğurlanan, yaxud qeyri-leqal satılan məhsulların siyahısı üzrə yoxlayır. Nömrələr üst-üstə düşdükdə proqram televizorun ələ qeyri-qanuni keçdiyini müəyyənləşdirir, sonra isə onun bütün funksiyalarını avtomatik olaraq söndürür.
Qeyd edək ki, TV Block 2020-ci ilin iyulunda Cənubi Afrika Respublikasında mağazaların seriyalı qarətindən sonra uğurla test olunub.