Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə təşkil olunan proqramda çıxış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə ölkənin Muş vilayətində təşkil olunan təntənəli “Malazgirtin fəthi” proqramına qatılıb və çıxış edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Muş vilayətinin Malazgirt rayonu ərazisində ictimaiyyət qarşısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qazanılmasının tarixi rolundan danışaraq deyib: “Türkiyə şərqə və qərbə aid nə varsa hamısını qucaqlayan, bağrına basan böyük mədəniyyət mirasının bugünkü varisi olaraq yeni bir yüksəliş içindədir.”
İctimaiyyətlə təmasda olan Türkiyə dövlət başçısı hərarətlə qarşılanıb.
Qeyd edək ki, 1071-ci il avqustunda Böyük Səlcuq hökmdarı Alparslan ilə Bizans imperatoru Romen Diyogen arasında gedən müharibənin avqustun 26-da səlcuq igidlərin Zəfəri ilə başa çatması Anadolunun qapılarını əbədi olaraq türklərə açıb.
Bu zəfərin 950-ci ili Ahlat və Malazgirt rayonlarında böyük təntənə ilə qeyd olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki rayondakı tədbirlərə qatılıb və çıxış edib.
Azərbaycanın Ankaradakı səfirliyi və ölkəmizin Qars şəhərindəki Baş konsulluğu tərəfindən Ahlat rayonunda bayram tədbirləri keçirilən bölgədə üç gün ərzində Azərbaycan tarixinin və mədəniyyətinin tanıdılması üçün birgə qurulan çadır ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.