Türkiyə olaraq dünən Əfqanıstanda baş verən terror aktlarını şiddətlə qınayır, həyatını itirənlərin ailələrinə başsağlığı diləyirik. Baş verən bu hücumları İŞİD-in öz üzərinə götürməsi bu təşkilatın bölgədə və dünyada nə qədər təhlükəli olduğunu ortaya qoyur. Bu, terror aktı, eyni zamanda Əfqanıstanda təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğunu da göstərdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Türkiyənin Əfqanıstandakı səfirliyinin hazırda fəaliyyətini Kabil hava limanının hərbi bölgəsində davam etdirdiyini bildirən Prezident deyib: “Hər kəs Əfqanıstanı tərk edərkən biz oradayıq. Talibanla danışıqlarımız davam edir. Bu çərçivədə 3 saatdan çox danışıqlarımız oldu. Taliblərin Türkiyənin Kabil hava limanını idarə etməsi ilə bağlı təklifləri var. Onlar təhlükəsizliyi təmin edəcəklərini, bizim isə aeroportu işlətməmizi təklif edirlər. Lakin son hadisələri gördük. Belə bir hadisədə Türkiyənin adının keçməsinə icazə verə bilmərik. Hazırda bizim orada ilk vəzifəmiz vətəndaşlarımızın təxliyəsidir. Türk Silahlı Qüvvələrinə aid hərbi təyyarələrimiz vətəndaşlarımızı İslamabada gətirir, oradan isə “Türk Hava Yolları”na aid təyyarələrlə Vətənə gətirilirlər. Mövcud vəziyyət nəzərə alınaraq “Türk Hava Yolları”nın Əfqanıstana səfərləri müvəqqəti dayandırılıb”.