Türkiyə Əfqanıstandakı mülki şəxslərini və sülhməramlı missiya həyata keçirən hərbçilərinin əsas hissəsini təxliyə edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada bu ölkənin rəsmiləri ilə keçirdiyi mətbuat konfransında ifadə edib.
Türkiyənin dövlət başçısı deyib: “Mülki şəxsləri ölkəmizə daşıdıq. Hazırda az sayda texniki heyət qalır. Onlardan başqa əsas heyəti çıxarmışıq”.
Xatırladaq ki, türkiyəli mülki şəxslər çıxarılandan sonra avqustun 26-da və 27-də Əfqanıstanda sülhməramlı missiya yerinə yetirən Türkiyə hərbçiləri təyyarə ilə Ankaranın Esenboğa Beynəlxalq Hava Limanına gətiriliblər. Bu kontingent Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərirdi.