Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə bu ölkənin Nazirlər Kabinetinin iclasında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın müddəalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub. NUHÇIXAN Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Nazirlər Kabinetinin sədri Rəşid Meredova Xəzər sammitində əldə olunmuş razılaşmaların müddəalarının qısa müddətdə yerinə yetirilməsinə dair tədbirlər planının hazırlanması barədə tapşırıq verib. Dövlət başçısı Xəzəryanı ölkələr arasında ticari-iqtisadi və nəqliyyat sahələrində imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb, Baş nazirin müavinlərinə təkliflərin hazırlanması ilə bağlı göstəriş verib. Həmçinin 2019-cu ildə Aşqabadda keçiriləcək Birinci Xəzər İqtisadi Forumuna hazırlıq məsələləri müzakirə olunub. İclasda Türkmənistanın Xəzərdə axtarış-xilasetmə işləri üzrə beştərəfli Sazişin hazırlanmasında fəal iştirak etməsi də qərara alınıb. Türkmənistan Prezidenti Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin Aşqabadda keçirilməsi təklifini irəli sürüb.