Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
NUHÇIXAN İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti “Anıtkabir”ə əklil qoyub.
Türkiyə Cümhuriyyətinin dövlət himni səsləndirilib.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, nazirlər və digər vəzifəli şəxslər də ziyarətdə iştirak ediblər.
Daha sonra Türkiyə Prezidenti "Anıtkabir" özəl dəftərini imzalayıb.
“Əziz Atatürk, müstəqilliyə gedən yolun qızıl həlqələrindən Böyük Zəfərin 99-cu ildönümündə yenə hüzurundayıq. Bu tarixi gündə zati-alinizi və əziz şəhidlərimizi rəhmətlə yad edirik. Türkiyəni bizlərə qoyduğunuz hədəflər istiqamətində parlaq bir gələcəyə daşıyırıq. Müdafiə sənayesində atdığımız addımlarla millətimizin göz bəbəyi olan Türk Silahlı Qüvvələrinin çəkindiriciliyini hər sahədə daha da artırırıq. Demokratiyada, ədalətdə, hüquq və azadlıqlarda həyata keçirdiyimiz islahatlarla xalqla cümhuriyyət arasındakı bağı möhkəmləndiririk. Əmanətiniz olan Türkiyə Cümhuriyyəti dövləti əmin əllərdədir. Ruhun şad olsun”, - o qeyd edib.