Parlament jurnalistlərinə qarşı zorakılıq həddinə çatacaq qədər görünməmiş məhdudiyyətlər qoyulub və biz heç bir halda, heç vaxt bu faktla barışmamalıyıq.
NUHÇIXAN İnformasiya Agentliyi ermənidilli “postinfo.am” portalına istinadən xəbər verir ki, bu barədə Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan parlamentdə akkreditə olunmuş jurnalistlərin sərbəst hərəkətinin məhdudlaşdırılması məsələsinin müzakirəsi zamanı bildirib.
Bunun “görünməmiş bir hadisə olduğunu” deyən Mərkəz rəhbəri hesab edir ki, oxşar halların adiləşməsi fonunda cəmiyyətin “informasiya vakuumuna düşməsi” təhlükəsi qaçılmazdır: “Yəni, tamamilə subyektiv ixtiyari bir qərar nəticəsində cəmiyyət birbaşa məlumat almaq hüququndan məhrum olur. Jurnalistlərin fəaliyyəti üçün təhlükəsizlik məsələsinin aktuallığını əsaslandırmadan təhlükəsizlik məsələsindən danışırlar. Bu halda, bir jurnalistin parlamentdə deyilənlərə qulaq asmasının onların işi üçün hansı təhlükə yaratdığının aydın şəkildə əsaslandırılmasını tələb etməliyik”.
Xatırladaq ki, bir müddət əvvəl yeni seçilən indiki parlamentin təhlükəsizlik xidmətinin əməkdaşları Ermənistan mətbuatının bir sıra nümayəndələrinin parlament iclaslarında iştirakını “arzuolunmaz” hesab edərək, onları içəri buraxmayıblar.