Misir hökuməti Almaniyanın “Siemens” konsorsiumu ilə Qırmızı və Aralıq dənizləri arasında yüksək sürətli dəmir yolu xəttinin inşasına dair 4,5 milyard dollarlıq kontrakt imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirdə həyata keçiriləcək bu nəhəng layihədə “Orascom Construction” və “Arab contarctors” kimi iri şirkətlər də iştirak edəcəklər. Misir Milli Tunel İdarəsinin məlumatına görə, layihənin dizayn və inşa mərhələləri 15 il davam edəcək. Ümumilikdə 660 kilometr uzunluğunda olacaq yüksək sürətli dəmir yolu xətti ilə ildə 30 milyon sərnişin daşınması mümkün olacaq. Qatarlar Qırmızı dəniz sahilindəki Ayn-Soxna-Aralıq dənizi sahilindəki İsgəndəriyyə şəhəri və Marsa Matruh limanı marşrutu üzrə hərəkət edəcək.
Bundan başqa, Misir hökuməti ilə “Orascom” şirkəti arasında paytaxt Qahirəni Asuan, habelə kurort şəhəri Hurqadanı Safaqa ilə birləşdirəcək yüksək sürətli dəmir yolu xətlərinin inşası üzrə danışıqlar aparılır. Bu xətlərin uzunluğu 1825 kilometr olacaq.
Misir hökuməti son illər baş verən ağır qatar qəzalarından sonra dəmir yolu nəqliyyatının rekonstruksiyası istiqamətində mühüm tədbirlər həyata keçirir.