Dünyada təhlükə altında olan heyvan və bitki növlərinin sayı rekord səviyyəyə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dünyada tədqiq edilmiş 138 mindən artıq növün təxminən 28 faizi təhlükə altındadır. Bu barədə məlumatı Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (IUCN) yayıb.
Beynəlxalq qurumun məlumatına görə, qlobal istiləşmə, yaşayış arealının məhdudlaşması, qanunsuz ov və urbanizasiya, təbii fəlakətlər və digər faktorlar mavi planetdə flora və fauna üçün ağır fəsadlara yol açır. Təşkilatın “qırmızı siyahı”sında qeydiyyata alınan növlər üç əsas qrupda təsnif edilirlər: “təhlükə altında olan”, “yüksək dərəcədə təhlükə altında olan” və “nəsli kəsilmək üzrə olan”. Bildirilib ki, bir sıra kərtənkələ, qeko və tısbağa növlərinin populyasiyası ciddi şəkildə azalıb və onların təsnifatda yeri daha çox təhlükə altında olan növlər qrupuna dəyişdirilib. Hazırda vəhşi təbiətə cəmi 20 min şir, 7 min gepard və 4 min pələngin qalması da vəziyyətin nə qədər acınacaqlı olduğunu nümayiş etdirir. Müsbət irəliləyiş kimi isə ov kvotaları və beynəlxalq mühafizə sazişləri nəticəsində bir sıra balıq növlərinin populyasiyasının təhlükə altında olmadığı bildirilib.
Mərkəzi qərargahı İsveçrədə yerləşən IUCN sentyabrın 11-dək Fransanın Marsel şəhərində beynəlxalq konqres çərçivəsində növ müxtəlifliyinin qorunmasına dair müzakirələr aparacaqdır. Konqresin nəticəsində BMT-nin himayəsi altında növlərin və iqlimin qorunması və eləcə də ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq zirvə toplantısı hazırlanmalıdır. Əsas hədəflər sırasında 2025-ci ilədək Amazon çayı hövzəsinin bitki və heyvan növlərinin 80 faizinin mühafizəsinə xidmət edən qlobal paktın imzalanması dayanır.