Ermənistanda yeni qiymət artımı dalğası başlayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkənin Statistika Komitəsinin dərc etdiyi məlumatlar da sübut edir.
Ermənistan mətbuatı ölkədə tərəvəz, yağ, un, yumurta, ət məhsullarının bahalaşdığını yazır. Çörəyin qiymətində də artım baş verib. Hazırda çörək bazarında inflyasiya 0,3% təşkil edib.
Qeyd edilir ki, bu artımların fonunda minimum əmək haqqının 68 min dram, orta pensiyanın təqribən 43 min dram olduğunu nəzərə alanda, onda Ermənistanda həyatda qalmağın həqiqətən baha olduğunu söyləmək olar.
Avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ərzaq və alkoqolsuz içkilərin 15,1% bahalaşdığı bildirilir.
Təkcə tərəvəz bazarında inflyasiya bir ildə 66,4% təşkil edir.
Balıq məhsullarının qiyməti bir il ərzində 25,5% artıb. Ət bazarında il ərzində inflyasiya 9,9 % artıb.
Donuz əti bir il ərzində 40,3% bahalaşıb.
Süd, pendir və yumurta bazarlarında da vəziyyət eynidir. Yumurta bir il ərzində 46,5% bahalaşıb. Qəhvə, çay və kakaonun qiymətləri də artıb.
Ermənistan mətbuatı spirtli içkilərin 8.7%, siqaretin qiymətinin 10.4% bahalaşdığını yazır.
Şəkər bir il ərzində 36,2% bahalaşıb.
Qiymət artımları vətəndaşların ailə büdcəsinə ağır zərbə vurub.