Türkiyədə iki nəfərdə COVID-19-un “mu” variantı aşkarlanıb. Hazırda ölkədə yoluxanlarda əsasən “delta” və “delta plüs” növü daha çox müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Ənənəvi təhsilin davamiyyətinin pozulmaması üçün peyvəndlənmənin vacibliyini vurğulayan nazir ölkədə COVID-19-la bağlı tətbiq edilən yeni tədbirlərin bir müddət eyni şəkildə davam etdiriləcəyini deyib. Bildirilib ki, Türkiyə dünyada ən çox peyvənd tətbiq edilən səkkizinci, Avropada Almaniyadan sonra isə ikinci yerdədir.
Ölkədə vaksinasiya ilə bağlı heç bir problemin olmadığını qeyd edən F.Koca bildirib: “Hazırda ixtiyarımızda ən azından 30 milyon doza vaksin var. Yerli istehsal olan peyvəndi bir qrup könüllüyə tətbiq etmişik. Nəticələr üç-dörd həftə ərzində açıqlanmalıdır. Ən geci 1,5-2 ay ərzində kütləvi istehsala başlamaq istəyirik. Ölkə üzrə virusa qarşı immunitetin əldə edilməsi üçün hədəfimiz əhalinin 85 faizinin peyvəndlənməsidir. Hazırda ölkə üzrə yaşı 18-dən yuxarı olanlardan təxminən 80 faizinə birinci doza, 62 faizinə ikinci doza peyvənd vurulub”.