Ermənistanda getdikcə daha çox ağıllı və sağlam düşüncəli insanlar bu süni qurumun uğursuz dövlət olduğunu bəyan edirlər.
Ermənistanın müstəqillik günü yaxınlaşdıqca qürurla və müştəbeh şəkildə Azərbaycan türklərini Altaya qovmağı və Bakı bulvarında çay içməyi vəd edənlərdə (belələrinin sayı çoxdur) və erməni cəmiyyətində düşkünlük hökm sürür.
"Artsax Ermənistandır" və s. kimi ifadələrlə fanatik əhalinin "iştahını" artıran hakim rejim 2020-ci il fəlakətindən sonra "müstəqillik gününü" geniş miqyasda qeyd etməyə hazırlaşır. Paşinyan elitasının mövqeyi aydındır. Hakim rejim əhaliyə məğlubiyyətin acısını unutdurmaq üçün bayram tədbirləri təşkil etmək istəyir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Vahid Ermənistan” partiyasının idarə heyətinin üzvü Vahe Davtyan “Facebook” səhifəsində 21 sentyabrda Ermənistanın "müstəqillik günü"nün qeyd edilməsi ilə bağlı hazırlıqları kəskin tənqid edib. Davtyan Ermənistanın uğursuz dövlət olduğunu yazıb: "Dünyada bir çox de-yure dövlətlər var ki, onlar faktiki olaraq yalnız dövlət atributlarına malik ərazilərdir. 2018-ci ildə belə ölkələr siyahısına girmək yolunu tutduğumuz və 2021-ci ilin iyununda anti-dövlət ruhlu xalq olduğumuzu nəhayət, təsdiqlədiyimizlə barışmalıyıq".
Davtyan hesab edir ki, ərazi bütövlüyünü qoruya bilməyən, öz suverenliyinə xələl gətirən Ermənistanda müstəqillik gününü qeyd etməyə heç kimin mənəvi haqqı yoxdur. "21 sentyabrda təmtəraqla nəyi qeyd edəcəksiniz?, - erməni siyasətçi qəzəblə soruşub.- Yalançı müstəqillik, saxta dövlətçiliyi? Həlak olmuş 5000 insan məzarda rahat olmayana qədər bizim milli səviyyədə nəyisə qeyd etməyə haqqımız yoxdur. Ən az bir il gözləyin".