Çin orbitə 4K və 8K format yayımı dəstəkləyən telekommunikasiya peykini çıxarıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, peyki orbitə aparan “Böyük yürüş-3B” ("Long March-3B") raketdaşıyıcısının buraxılışı Siçuan vilayətindəki Siçanq məntəqəsindən baş tutub. Orbitdə 15 il müddətində istismar üçün nəzərdə tutulan “Zhongxing-9B” peyki 4K və 8K yayımını dəstəkləyən xüsusi transponderlərlə təchiz olunub. Bu, gələn il keçiriləcək “Pekin-2022” Qış Olimpiya Oyunları da daxil olmaqla əhəmiyyətli tədbirlərdən televiziya yayımını yüksək keyfiyyətlə təşkil etməyə imkan verəcək. Bundan başqa, peyk fövqəladə hallar zamanı etibarlı kommunikasiyanın təmin olunması üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, “Long march” seriyasından 388-ci raketin buraxılışı olub.