Dünya ictimaiyyətinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və dərman şirkətləri tərəfindən həyata keçiriləcək koronavirusa qarşı qlobal vaksinasiya planına ehtiyacı var. NUHÇIXAN İnformasiya Agentliyi təşkilatın saytına istinadla xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın iclasında böhranlara reaksiya verilməsi üzrə tövsiyələri ehtiva edən “Ümumi Gündəlik” məruzəsini təqdim edərək bildirib.
"Vaksinasiya prosesinə 50 milyard dollar həcmində sərmayələrin qoyuluşu, önümüzdəki dörd il ərzində dünya iqtisadiyyatına təxminən 9 trilyon dollar gətirə bilər", - deyə o qeyd edib. - Hazırkı və potensial peyvənd istehsalçıları, Ümumdünya Səhiyyə Təşkilatı, ACT-Accelerator (COVID-19-un diaqnostikası, müalicəsi və vaksinlərə bərabər şəkildə əlçatanlılıq, vaksinlərin hazırlanması və istehsalı üzrə əməkdaşlıq proqramı) üzrə tərəfdaşlar və beynəlxalq maliyyə institutları tərəfindən təmsil olunan fövqəladə işçi qrupu tərəfindən həyata keçirilən təcili qlobal vaksinasiya planına ehtiyacımız var".
Antonio Quterreş 2022-ci ilin ilk yarısında peyvənd istehsalını ən azı iki dəfə artırmaq və dünya əhalisinin 70 faizini dərmanla təmin etmək üçün əczaçılıq şirkətləri ilə çalışmağın vacib olduğunu bildirib.
BMT-nin Baş katibi, həmçinin pandemiyaya reaksiya verilməsinin əlaqələndirilməsi üçün ÜST-yə səlahiyyət verməyə və kifayət qədər maliyyələşdirməyə çağırıb. "Aşağı və orta gəlirli ölkələrin səhiyyə texnologiyalarını inkişaf etdirməyə imkanı olmalı və onlara çıxışı olmalıdır", - deyə o əlavə edib.