COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan Türkiyə universitetlərində sentyabrın 13-dən etibarən ənənəvi təhsilə başlanılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, pandemiya qaydaları çərçivəsində davam etdiriləcək 2021-2022-ci tədris ili ərzində universitetlər hibrid təhsil modeli, yəni, fəndən asılı olaraq üz-üzə və ya distant qaydada fəaliyyət göstərəcək.
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə universitet binaları Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən xüsusi rəqəmsal texnologiyalarla izlənəcək. Ötən il ərzində təhsildə yaranan boşluqların aradan qaldırılması məqsədilə həftə sonları da müvafiq dərslərin keçirilməsi nəzərdə tutulur. İmtahanların da ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.