Ermənistanın Geqarkunik bölgəsində etiraz aksiyası keçirilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Qeqamasar sakinləri Vardenis-Sotk yolunu bağlayıblar.
-Etirazçılar özlərinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər. Sakinlər sərhəd qəsəbələrinin genişləndirilməsinin təhlükəli olduğunu iddia edirlər. Onlar Vardenisə birləşdirilmək istəmədiklərini bəyan edirlər. Etiraz edənlər bəyan ediblər ki, azərbaycanlılar artıq onların yaşadığı əraziyə qədər gəlib çatıblar. Sakinlər bildirirlər ki, qorxu içindədilər, uşaqlarını məktəbə göndərməkdən qorxur, normal yaşaya, gecələr rahat yata bilmirlər.
Polis hazırda hadisə yerində aksiyanın qarşısını almağa çalışır. Sakinlər polisə müraciət edərək "Yol açılmayacaq, Nikol bura gəlməlidir" deyiblər. Hüquq -mühafizə orqanlarının əməkdaşları isə aksiyaçıları baş nazirin adına toxunmamağa çağırıb.
"Hansı baş nazir? Yalan danışan?" - etirazçılardan biri polislərə cavab verib.
İcma başçısı isə, sakinlərə məlum hərbi dəyişikliklərə müdaxilə etməmək üçün yolu açmağı təklif edib. Aksiyaçılar hökumətə bir gün vaxt veriblər. Cavab gəlməsə, onlar bir neçə yerdə dəmir yollarını da bağlayacaqlar.