Türkiyənin “Akkuyu” nüvə stansiyasının birinci blokunun inşasının 2023-cü ilin may ayında tamamlanması nəzərdə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaş ölkənin Mərsin vilayətinin “Cümhuriyyət Meydanı”nda kütləvi açılış mərasimində çıxışı zamanı bildirib.
Stansiyanın inşaatının tam sürəti ilə davam etdiyini deyən ölkə başçısı bu layihəni 2023-cü il üçün nəzərdə tutulan hədəflərin önəmli rəmzlərindən biri adlandırıb.
Qeyd edilib ki, stansiyanın inşasında 13 min mühəndis fəaliyyət göstərir. Onlardan 10 mini türk, digər 3 mini isə rus mühəndislərdir. Öz sahəsi üzrə ən son texnologiyalarla inşa edilən Türkiyənin ilk nüvə stansiyasının ilk blokunun 2023-cü ilin may ayında tamamlanması planlaşdırılır.
Bildirilib ki, hazırda dünyanın 32 ölkəsində 443 nüvə stansiyası fəaliyyət göstərir. On doqquz ölkədə 51 stansiya inşaat mərhələsindədir. İqlim dəyişikliyi ilə bağlı müzakirələrin artdığı dövrdə bizim kimi ölkələr üçün ən əhəmiyyətli enerji mənbəyi nüvə stansiyalarıdır. Məqsədimiz ölkəmizdə ən qısa zaman ərzində ikinci və üçüncü nüvə stansiyası inşa etməkdir.