Ermənistanda siyasi qüvvələrin telefonlarının dinlənməsi ilə bağlı faktlar aşkarlanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Baş nazir Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər uzağa gedib ki, artıq 7 milyon dollara "Pegasus" adlı telefon dinləmə sistemini alıb. Digər ölkələrdə bu sistem xarici kəşfiyyat tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: təyin olunan telefona adi bir reklam- sms linki göndərilir. Telefon sahibi bu linkə keçid edən kimi sistem telefonda quraşdırılır. Yeri gəlmişkən, bir adamın belə formada "tutulması" nın dəyəri 10 min dollardan çoxdur",-"Hraparak" yazıb.
Sayt iddia edir ki, məlum sistem "Signal", "WhatsApp", "Telegram", "Facebook" şəbəkələrini də əlçatan edir:
"Hökumət yeni sistemi əsasən müxalifət üçün tətbiq edib. Lakin namizədlər Paşinyanın birbaşa göstərişi ilə seçilir. Bizə müstəqil media orqanlarından birinin redaktorunun da bu şəbəkəyə daxil olduğunu söylədilər".