Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ərzaq sistemlərinə dair sammit keçirilib
Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ərzaq sistemlərinə dair sammit keçirilib. Tədbir Yer kürəsi əhalisinin qida məhsulları ilə təchiz olunması məsələlərinə həsr edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş sammitdə çıxış edib. O bildirib ki, qida məhsullarının istehsalı və istehlakı metodlarına yenidən nəzər salınmalıdır. BMT-nin məlumatına görə, 3 milyard insan sağlam qidalanmaq imkanından məhrumdur, 2 milyard insan çəki artıqlığından və ya piylənmədən əziyyət çəkir, 500 milyona yaxın insan hədsiz arıqlayaraq taqətdən düşüb.
Asiya, Afrika və Latın Amerikası ölkələrində aclıq bəzi hallarda müharibələr, təbii fəlakətlər, habelə siyasi idarəetmənin yaxşı təşkil edilməməsi kimi hallarla bağlıdır. Baş katib qeyd edib ki, dünyada istehsal edilən ərzaq məhsullarının təqribən üçdəbir hissəsi məhsul yığımı, onun saxlanması və daşınması, habelə satış və istehlak prosesində itirilir və ya atılır. Bəşəriyyət faktiki olaraq təbiətlə müharibə aparır. BMT-də əmindirlər ki, yeni, ekoloji təhlükəsiz ərzaq sistemləri yaradılmalıdır. Bununla əlaqədar, Təşkilat bütün ölkələri birgə iş aparmağa çağırır.
Quterreş aclıqla nəticələnə biləcək böhranlı vəziyyətlər barədə erkən xəbərdarlıq sistemlərinə sərmayə qoymağın zəruriliyini vurğulayaraq, qeyd edib ki, insanların sağlam qidalanma imkanlarını yaxşılaşdırmaq üçün ölkələrin hökumətləri və özəl sektor birgə işləməlidir.
Sammit iştirakçılarının ümumi fikrinə görə, daha inklüziv ərzaq sisteminin yaradılması üçün kənd təsərrüfatına innovasiya yatırılması, qida resurslarının əlçatanlığının artırılması, fövqəladə hallarda, o cümlədən təbii fəlakətlər və siyasi böhranlar zamanı fasiləsiz işləyən davamlı tədarük sistemlərinin yaradılması tələb olunur.
Bu arada Bayden administrasiyası elan edib ki, ABŞ dünyada aclığa qarşı mübarizə və ərzaq sistemlərinin möhkəmləndirilməsi üçün 10 milyard dollar vəsait ayırır. Bu məbləğin yarısı ABŞ-ın daxili ehtiyaclarının təmin olunmasına sərf ediləcək, qalan 5 milyard dollar isə başqa ölkələrə veriləcək. Sammitdə ABŞ-ı kənd təsərrüfatı naziri Tom Vilsak və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer təmsil edib.
BMT Baş Assambleyasının kuluarlarında keçirilən sammit 18 aylıq prosesin kulminasiya nöqtəsi olub. Bu prosesdə 148 ölkə daha sabit və inklüziv ərzaq sistemlərinin yaradılması üzrə milli strategiyalar işləyib hazırlayıblar.