Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında Soçi şəhərində təxminən üç saat çəkən görüş başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri ticarət-iqtisadi əlaqələri, Cənubi Qafqazda, Suriya, Liviya, Əfqanıstanda vəziyyəti müzakirə ediblər.
Rusiya dövlətinin başçısı Vladimir Putin danışıqların məzmunlu keçdiyini bildirib. O, iki ölkə arasında ticarət dövriyyəsinin son 9 ay ərzində 55 faizdən çox artdığını, Türkiyənin Rusiya iqtisadiyyatına 1,5 milyard dollar, Rusiyanın isə Türkiyə iqtisadiyyatına 6,5 milyard dollar sərmayə yatırdığını bildirib. Rusiya lideri “Türk axını” boru xəttinin və “Akkuyu” AES-in inşasını iki ölkə arasında əməkdaşlığın müsbət göstəricisi kimi qiymətləndirib. Vladimir Putin tərəflərin Suriya və Liviyada vəziyyətlə bağlı uğurlu qarşılıqlı fəaliyyət göstərdiklərini də qeyd edib.
Rusiya Prezidenti Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəal işlədiyini, sabitliyə və sülhə yönəldilmiş gələcək addımlara dair mövqelərin razılaşdırılmasının ciddi əhəmiyyətə malik olduğunu da vurğulayıb.
Danışıqları məhsuldar adlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş təbii meşə yanğınlarının söndürülməsində rusiyalı mütəxəssislərin rolunu qeyd edib, turizm sahəsində əlaqələrin genişləndiyini, “Akkuyu” AES-in birinci blokunun gələn il işə salınacağını bildirib.
Suriya probleminin həllində iki ölkənin əməldaşlığının əhəmiyyətini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, bu regionda sülhün bərqərar olmasının Türkiyə-Rusiya münasibətlərindən asılı olduğunu deyib.