Erməni deputat, “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan ölkəsinin yavaş-yavaş Suriyaya çevrildiyini deyib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın düşdüyü ağır durumu şərh edən siyasətçi hər şeyin "Məxməri" inqilabdan sonra baş verdiyini bildirib.
- Hakimiyyət Ermənistanı 3 il ərzində 2018 -ci ildən bəri dəfələrlə bəhs etdiyim və qorxduğumu reallaşdırdı, buranı Suriyaya çevirdi. Qarabağ məğlubiyyətindən sonra Ermənistan həqiqətən də Suriyaya çevrilir. Bu yanlış daxili və xarici siyasətdən qaynaqlanır.
Hazırkı hakimiyyət ölkəmizi beynəlxalq və regional maraqların toqquşduğu sikkəyə çevirərək Ermənistan vətəndaşlarına "hədiyyə" etdi.
İrəvan indi Hələbi demək olar ki, eyni şəkildə təkrarlayır. Burada bir tərəfdən ABŞ və Türkiyənin, digər tərəfdən Rusiya ilə İranın maraqları kəsişir. Suriyada başqa ölkələrin -Rusiya, ABŞ, İran, Türkiyənin qoşunları var və ölkə lideri xəritədə Suriyanın ərazisi sayılan bütün torpaqlara nəzarət etmir. Bu qoşunlardan bəziləri qanuni hökumətin razılığı ilə Suriyadadır, digərləri isə əksinə.
Mediaya verdiyi açıqlamada İrəvanla Hələb arasında paralellər aparan deputat deyib ki, Ermənistanda həm dost, həm də arzuolunmaz ölkənin qoşunları var. O, Azərbaycanın Gorus-Kafan yolunun 21 kilometrlik hissəsinə nəzarət etməsini özləri üçün faciə sayıb.
- Suriya Prezidenti Əsədlə Paşinyan arasındakı fərq ondadır ki, birincisi strateji müttəfiqləri ilə düzgün davrandı, rəhbərlik etdiyi ordunun başsız qalmadı, vuruşdular və müəyyən nəticələr göstərdilər. Bizim vəziyyətimizdə isə mənzərə çox kədərlidir. Ordunun başına zərbəni arxadan vurdular və o məğlubiyyətə göndərildi.
Əgər Nikol Paşinyan düşünürsə ki, məğlubiyyətdən sonra digər güclər ona "sülh dövrü" yaşadacaqlar- Rusiya sərhədləri bizim üçün saxlayacaq, İran Sünik üçün mübarizə aparacaq, o isə daxildə siyasi təqiblə məşğul olacaq, o zaman yanılır. Ona inanıb səs verənlər də yanılırlar. Bölgəmizdə siyasi və hərbi partlayışlar qeydə alınır. Erməni xalqı bu hakimiyyət altında yeni bir müharibəyə hazırdırmı?