Türkiyə Prezidenti: Pandemiya dövründə enerji sektorundakı qiymətləri ən aşağı səviyyədə saxlamaqdayıq
Dünyanın hər yerində enerjinin qiymətləri iki dəfədən beş dəfəyədək artdığı bir dövrdə vətəndaşlarımızı qorumaq üçün hərtərəfli tədbirlər görürük.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) Sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin vilayət rəhbərlərinin geniş tərkibdə keçirilən iclasında deyib.
Ölkədə ümumi inkişafın, vətəndaşların rifahının qorunması üçün görülən işlər barədə siyasi həmfikirlərinə geniş məlumat verən Türkiyə dövlətinin başçısı bildirib: “Pandemiya başlanandan bəri enerji sektorundakı qiymətləri lazım gəldikdə subsidiya tətbiq edərək ən aşağı səviyyədə saxlamaqdayıq”.
Qeyd edək ki, son aylar Türkiyədə xüsusilə gündəlik tələbat mallarının, eləcə də qida məhsullarının qiymətlərindəki artımın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Enerji növlərinin, eləcə də avtomobil yanacaqlarının qiymətlərinin sabit saxlanması bu məsələdə əsas amildir.