Dmitriy Kuleba: Ukrayna Türkiyə ilə Qara dəniz bölgəsində təhlükəsizliyi gücləndirmək üçün əlavə addımlar atmağa hazırdır
Ukrayna Qara dəniz bölgəsində Türkiyə ilə ikitərəfli səviyyədə təhlükəsizlik mövzusunda tərəfdaşlığı gücləndirmək üçün əlavə addımlar atmağa hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Lvovda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə Ukraynanın xarici işlər naziri Dmitriy Kuleba məlumat verib.
Nazirin sözlərinə görə, Ukrayna Avropa İttifaqı və NATO-ya üzv olmasa da, kiçik ittifaqlar yaratmaq siyasətinə başlayıb.
“Ukrayna Prezidentinin strateji bir təşəbbüsü var ki, NATO ölkələri, üstəgəl Ukrayna, Türkiyə və hətta, Moldova Qara dəniz bölgəsi mövzusunda səylərini birləşdirə bilər. Bu təşəbbüs hazırda NATO da daxil olmaqla müxtəlif paytaxtlarda müzakirə olunur”, - deyə Kuleba əlavə edib.
O bildirib ki, ikitərəfli görüşdə hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı müzakirə ediblər. Türkiyəli nazir Ukraynanın “Antonov” təyyarə zavodunun imkanları ilə maraqlanıb.
Görüşdə Kuleba və Çavuşoğlu, xüsusilə qaz tədarükü kontekstində enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin Ukrayna və Türkiyə Xarici İşlər nazirlikləri arasında 2022-2023-cü illər üçün məsləhətləşmələr planını imzalayıblar. Sənəd qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə təcrübə mübadiləsini nəzərdə tutur.