İkinci Qarabağ müharibəsinin ildönümündə erməni mediası uğursuz hərbi əməliyyatlarla bağlı maraqlı məlumatlar yaymaqda davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün KİV-də tanınmış hərbi bloger Aram Gevorqyanın Hadrut döyüşləri ilə bağlı üzə çıxardığı yeni faktlar dərc edilib.
Daha çox müəmmalı məsələləri araşdıran Gevorqyan Hadrut istiqamətində qısa müddətdə 76 döyüşçünün məhv edilməsini üzə çıxarıb. O, artıq Azərbaycanın nəzarətinə keçmiş qəsəbəyə mənasız yerə dəstə göndərməyi cinayət kimi qiymətləndirib.
- Bu gün Tiqranın ölümündən bir il keçir. Düz bir il əvvəl, oktyabrın 11-də Şaxbaryan Tiqranentsin 76 nəfərlik dəstəsi artıq azərbaycanlıların nəzarətində olan Hadruta göndərilmişdi. 4 saatdan çox davam edən döyüşlərdən sonra 76 ermənidən heç biri sağ qalmadı... Məlum əməliyyatdan bir il ötsə də, indiyə qədər günahkarlardan heç biri cəzalandırılmayıb-,Gevorqyan gileylənib.
Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.