Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasında Qazaxıstan 2022-2024-cü illər üçün BMT İnsan Hüquqları Şurasına (İHŞ) üzv seçilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstanın Şuradakı işinin prioritet istiqamətləri gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılması, ölüm hökmünün ümumi ləğvi, hər cür dözümsüzlüklə mübarizə, din və etiqad azadlığı, inklüziv və ümumi təhsilin təmin edilməsi, həmçinin COVID-19 pandemiyası şəraitində insan hüquqlarına hörmət müəyyən edilib.
Qeyd edək ki, İnsan Hüquqları Şurası dünyada insan hüquqlarının təşviqi və qorunmasına cavabdeh olan 47 dövlətin daxil olduğu BMT sisteminin hökumətlərarası orqanıdır. BMT-nin İHŞ-nın səlahiyyətlərinə insan hüquqları sahəsində diqqət tələb edən bütün mövzu və vəziyyətlərin müzakirəsi daxildir. Şura üzvləri beş regional qrupdan seçilir və üç il ərzində öz vəzifələrini icra edirlər.
Xatırladaq ki, Qazaxıstan 2013-2015-ci illər üçün İnsan Hüquqları Şurasına üzv seçilmişdi.