Əhalinin gəlirləri isə daha da azalır
İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın iqtisadiyyatı və sosial həyatında yaranan ağır vəziyyət davam edir.
Erməni ekspertlərin özləri də etiraf edirlər ki, bu gedişlə ölkə daha böyük fəlakətlərlə üzləşməli olacaq. Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak, xüsusən də, ərzaq məhsullarının qiymətində artım ölkənin durumunu daha da pisləşdirir.
21 ildən sonra bahalaşmada ən yüksək göstərici
Ermənistanda qiymət artımı ən yüksək həddə çatıb. Sentyabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri 14 faiz bahalaşıb ki, bu da 1990-cı ildən sonra ən yüksək göstəricidir. Bitki yağları və şəkər kimi idxal olunan digər malların qiymətləri son aylar üçqat artıb. Yerli məhsulların qiymətləri də istehlak səbətinin sadə vətəndaşa daha baha başa gəldiyini göstərir. Belə ki, sentyabr ayında çörəyin qiyməti 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6, ət 9,7, yağ 15,9, qənd 39,4, yumurta 51,3, konservləşdirilmiş süd 10,4, tərəvəz 53 faiz bahalaşıb ki, bu da birbaşa inflyasiya deməkdir.
“Joxovurd” qəzeti baş verənlərlə bağlı yazır ki, əsas ərzaq məhsulları durmadan bahalaşır: “Ətin qiymətində bahalaşma özünü daha qabarıq büruzə verir. Bu ilin yanvar-avqust aylarında Ermənistanda ət istehsalı azalıb. Statistika Komitəsindən bildirilir ki, 2021-ci ilin səkkiz ayında qoyun və qoyun əti istehsalı ilə bağlı da geriləmə yaşanır. Yanvar-avqust aylarında donuz əti istehsalı 2,4 faiz artdığı halda, qoyun əti 3 faiz azalıb. Quş əti istehsalında da problemlər yaşanır.
Qəzet ermənilərin ən çox istehlak etdiyi məhsullardan sayılan kartofla bağlı təcili addımların atılmasını vacib hesab edir. Bildirilir ki, ölkədə kartofun qiyməti tədricən dolların məzənnəsinə çatıb. İndi bu məhsul ötən ilin indiki dövrü ilə müqayisədə daha yüksək qiymətə satılır. İrəvan supermarketlərində bir kiloqram kartofun qiyməti 330-550 dramdır. Ötən ilin sentyabr-oktyabr aylarında isə kartofun qiyməti 150 dram idi. Yəni 3 dəfəyə yaxın bahalaşma qeydə alınıb. Fermerlərin fikrincə, qış aylarında kartof daha da bahalaşacaq.
Qeyd edilir ki, kartofun bahalaşmasının əsas səbəbi suvarma suyunun olmamasıdır. Kəndlilər bu problemi ilin əvvəlində qabartmağa başlamışdılar. Su çatışmazlığı səbəbindən builki kartof əkinindəki məhsuldarlıq gözləniləndən az olduğuna görə fermerlər məhsulun qiymətini qaldırıb.
Dramın devalvasiyası kütləvi aclıq gətirəcək
Bundan bir qədər əvvəl isə ölkədə yanacaq və digər xidmət növlərinin də bahalaşması qeydə alınıb. İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən başlayaraq Ermənistanda yoxsulluq səviyyəsi artır və bu tendensiya hazırda da davam edir: “2021-ci ildə də qiymətlərin kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın da devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də yoxsulluğun artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam edəcək”.
Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir. “Jamnyus” qəzeti isə bu xüsusda yazır: “İqtisadiyyat Nazirliyində qiymət artımından “ciddi narahatdırlar”, amma inflyasiya və qiymət artımı məsələsi Mərkəzi Bankın səlahiyyətlərinə daxildir. Mərkəzi Bankda qiymət artımının qarşısını almaq üçün yenidən maliyyələşdirmə faizi artırılıb. Bunu Mərkəzi Bankın sədri Martin Qalstyan elan edib. Onun sözlərinə görə, Mərkəzi Bank əsas siqnalı istehsalçıların diqqətinə çatdırmağa çalışır - qısamüddətli perspektivdə müəyyən qiymət artımı da ola bilər”.
İqtisadçı Vahan Xaçatryan Mərkəzi Bank rəhbərinin ölkədə qiymət artımının dünya bazarındakı vəziyyətlə şərtləndiyi fikri ilə razıdır: “Səbəblər dünya iqtisadiyyatında və dünya bazarındadır. Ötən ilin iyulundan başlayaraq hazırda baş verənlər həm də kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti ilə və əlbəttə ki, ən əsası pandemiya zamanı yaranan geoiqtisadi vəziyyətlə bağlıdır”.
Bununla belə, ekspertin sözlərinə görə, baş bank inflyasiyaya görə cavabdehdir, iqtisadi inkişafa görə yox. Mərkəzi Bank inflyasiya səviyyəsinə təsir etməlidir. Bu, birtərəfli hərəkətdir, amma bu o demək deyil ki, inflyasiya problemi həll edildiyi zaman ölkə istisadiyyatı yüksəlməyə başlayacaq.
O da vurğulanır ki, konstitusiyada təsbit edilib ki, maliyyə vəziyyətinin sabitliyi üçün Mərkəzi Bank inflyasiyaya görə cavabdehdir. Amma əgər o, yenidən maliyyələşmə faizini çox yüksəldirsə, bu, artıq iqtisadiyyatın yüksəlişinə mənfi təsir göstərəcək.
İnflyasiya pik həddə çatıb
Beynəlxalq Valyuta Fondu isə cari il Ermənistanda ÜDM istehsalının cəmi 1 faiz artacağını proqnozlaşdırıb. Fondun hesablamalarına görə, qiymət artımı və inflyasiya cari ilin birinci yarısında pik həddə çatıb. Sonradan inflyasiya idarə olunacaq 4 faizlik səviyyəyə düşə bilər. BMT-nin Ərzaq Proqramı və Kənd Təsərrüfatı Təşkilatı da Ermənistanda istehsalın azalacağını gözləyir. Təşkilatın proqnozuna əsasən, 2021-ci ildə taxıl istehsalı orta səviyyədən 30 faiz az, təxminən 208 min ton olacaq. Buğda istehsalının isə daha az - 120 min ton olacağı proqnozlaşdırılıb. Bildirilir ki, Ermənistan gələn il əvvəlkindən 20 faiz çox taxıl məhsulları idxal etməli olacaq.
Göründüyü kimi, əhalinin maddi rifah halının daha sürətlə pisləşməyə başlaması, yaranmış ağır vəziyyətdən xilas üçün hökumətin konkret nəticələr verə biləcək planlarının olmaması Nikol Paşinyan iqtidarından yaranan narazılığı həqiqətən də təhlükəli həddə çatdırır. Bu vəziyyət Ermənistanda hər an sosial partlayışların olacağını şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Bu gedişlə ölkənin daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.
Elçin Cəfərov
“Azərbaycan” qəzeti