"Ermənistan ölüm sayına görə regional liderdir"- Epidemioloq - FOTOLAR
Ermənistanda koronavirus ciddi fəsadlar törətməkdə davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Mxitar Heratsi adına İrəvan Dövlət Tibb Universitetinin Epidemiologiya kafedrasının dosenti Meri Ter-Stepanyan deyib ki, ölkədə ölüm hallarının sayı durmadan artır.
O, pandemiyanın beşinci dalğasının gedişatını şərh edərkən səhiyyənin acınacaqlı duruma düşməsindən də söz açıb.
- Ermənistan koronavirusdan ölüm hallarına görə regionda lider ölkələrdən sayılır. Bu fakt isə "Delta" ştamının aqressivliyini bir daha sübut edir. Hamilə qadınların vəziyyəti ilə bağlı durum da olduqca narahatedicidir. İndi onlar xəstəxanalarda əvvəlkindən daha çoxdur-, Ter-Stepanyan bildirib.
Mütəxəssis deyir ki, may ayına qədər hamilə qadınlar risk qrupuna daxil edilmirdi. Lakin "Delta" ştamının yayılması fonunda vəziyyət dəyişdi. Hamiləliyin erkən dövründə koronavirus infeksiyası erkən doğuşa səbəb ola bilər.
Epidemioloq Arman Badalyan da ölkəsi ilə bağlı statistikadan narahatlığını ifadə edib. O deyib ki, dünyada gündəlik infeksiya artımı ilə bağlı orta rəqəm 3 -5 faiz arasındadır. Ermənistanda isə bu rəqəm 16 faizə çatır.
- Biz koronavirus infeksiyasının yayılmasının kifayət qədər aktiv bir mərhələsindəyik. Xəstəxanalar həddindən artıq yüklənib- Badalyan gileylənib.
O, vəziyyətin düzəlməyəcəyi təqdirdə insanların peşəkar tibbi yardım almadan evdə öləcəklərini xəbərdarlıq edib. Mütəxəssis "Delta"ya görə peyvənd olunanların revaksinasiyadan keçməsinə ehtiyac olduğunu da qeyd edib.