“Haaqa məhkəməsində Ermənistanı təmsil edən vəkillərin mövqeyi kifayət qədər proqnozlaşdırıla bilən idi. Onlar Azərbaycanı ağlasığmaz cinayətlərdə ittiham etdilər. Azərbaycanın guya erməniləri diskriminasiyaya məruz qoyması, irsini məhv etməsi və s. daim səslənən məlum bir erməni mantrasıdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu tanınmış israilli politoloq, hüquq elmləri doktoru, beynəlxalq əlaqələr üzrə ekspert Mixail Finkel deyib.
"Bir beynəlxalq hüquqşünas olaraq, hər iki tərəfin arqumentlərini, habelə Avropanın müəyyən reallıqlarını təhlil edərək, belə bir nəticəyə gəlmişəm ki, Ermənistan, əlbəttə ki, qalib gəlməyəcək, amma məhkəmə çox güman ki, tərəflərin məsuliyyətini bərabərləşdirməyə çalışacaq", - Finkel söyləyib.
Vəkil bu vəziyyəti onunla müqayisə edib ki, əgər İkinci Dünya Müharibəsi zamanı on milyonlarla dinc sakinin ölümünə səbəb olan Holokostu törədən nasistlər Drezdenin bombalanması zamanı 30 almanın ölümünə görə beynəlxalq məhkəməyə müraciət etsəydilər, tərəflərin günahı bərabərləşdiriləcəkdi.
“Başa düşmək lazımdır ki, Haaqa məhkəməsi ideyaya görə neytral olmalıdır və belə də hesab olunur, amma yenə də orada insanlar mühakimə edir. Bu insanlar kimdir? Onlar dünyəvi avropalılardır. Lakin dünyəvi olmalarına baxmayaraq, xristian mədəniyyətinin nümayəndələridir. Buna görə də tez-tez dini hisslərə təsir edən, psixoloji hiylələrə əl atan ermənilərə baxdıqda, hakimlər dərhal xristian olduqları üçün onlara qarşı müsbət meyilli mövqe tuturlar. Bu, hətta dini deyil, qəbilə faktorudur. Sadə dildə desək, ermənilərin nümayiş etdirdikləri dini simvolizm avropalılar üçün "özümüzün" mənasını verən bir işarə kimidir. Azərbaycan buna görə "yad"dır axı", - ekspert əlavə edib.
Hüquq elmləri doktorunun fikrincə, Azərbaycan, əlbəttə ki, bu neqativliyi dəf etməli olacaq. Bunu təkzibolunmaz dəlillərlə, Azərbaycan vəkillərinin hazırladığı böyük bir sübut bazası ilə etmək olar: "Bir daha təkrar edirəm - müsbət meylə, ermənilərin və avropalıların dini və mədəni yaxınlığına baxmayaraq, Ermənistan qalib gəlməyəcək. Çünki Azərbaycan tərəfinin topladığı sübut bazası onlara bu imkanı verməyəcək. Ermənistanın cinayətləri o qədər dəhşətlidir ki, məhkəmədə ermənilərə heç nə kömək etməyəcək. Lakin Beynəlxalq Ədalət Məhkəməsi opponentin tələblərini yerinə yetirməyi tapşıraraq tərəflərin məsuliyyətlərini bərabərləşdirməyə çalışacaq. Bununla da bitərəfliyini və qərəzsizliyini nümayiş etdirməyə çalışacaq. Baxmayaraq ki, əlbəttə ki, bu işdə tərəflərin məsuliyyəti tamamilə müqayisəedilməzdir və bərabərləşdirilə bilməz”.
Xatırladaq ki, Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilir. Haaqa Sülh Sarayında təşkil edilən məhkəmə dinləmələrinə hakim Joan E.Donoghue sədrlik edir.
Haaqada Azərbaycanın maraqlarını müdafiə edən hüquq müdafiəçisi Piter Qoldcmit Azərbaycanın 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanatın bütün tələblərini yerinə yetirdiyini bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda saxlanılan ermənilər ağır cinayət törədən şəxslərdir. O, Ermənistanın Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etməsinin düzgün olmadığını bildirib.
Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə sentyabrın 23-də Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan bəyanatında "Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirdiyini, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qızışdırdığını, ən yüksək hökumət səviyyəsi də daxil olmaqla irqçi təbliğat yaydığını" iddia edir. Azərbaycan Haaqa Məhkəməsindən Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etməsini və bununla Azərbaycana və onun xalqına vurduğu ziyanı ödəməsini xahiş edir.