Qarabağda - rusiyalı sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində yerləşmiş erməni hərbi birləşmələri tərksilah ediləcək.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə erməni QHT sədri Aşot Arutunyan Ermənistan parlamentində keçirilən tədbirdə deyib. O, məlumatın Qarabağdakı terrorçu-separatçıların rəhbəri Arayik Arutunyan tərəfindən ona şəxsən deyildiyini vurğulayıb.
“Arayik Arutunyan Qarabağdakı silahlı birləşmələrin buraxılacağını dedi. Soruşdum ki, “sənə bu haqqı kim verib?”. O isə cavabında “azərbaycanlılar bunu tələb edir”,-deyə cavab verdi”.
Aşot Arutunyan hərbi birləşmələrin tərksilah olunmasına yaxın günlərdə başlanıla biləcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, rusiyalı sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində erməni terror-separatçı hərbi birləşmələri də yerləşir.
Ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən, 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Üçtərəfli razılaşmaya əsasən, Qarabağdakı erməni silahlı birləşmələri oradan çıxarılmalıdır.