Ermənistanda heyvandarlıq sahəsində həm qıtlıq, həm də yemlərin bahalaşması üzündən böhran yetişir. Buna görə də, 2017-ci ildən başlayaraq Ermənistanın Milli Statistika xidməti aylıq “istehlak qiymətlərinin indeksi” məruzəsində qiymətlərin mütləq qiymətlərdə ifadəsini dərc etmir. Bu reallığı erməni iqtisadçı Smbat Qriqoryan açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni mediasına istinadən xəbər verir ki, Ambat Qriqoryan Ermənistan əhalisinin vacib qidası olan çörəyin qiymətinin illik nisbətdə sentyabr ayında təxminən 10% artdığını bildirib. Cari ilin birinci yarısında ölkənin buğda idxalı 18,4 min ton azalıb, onun gömrük qiyməti isə 9% artıb. Sentyabrda unun parakəndə satışında da 9% artım qeydə alınıb.
Ötən ay mal ətinə qiymətlərdə cüzi artım olsa da, donuz əti və ondan hazırlanan məhsullar sferasında ciddi neqativ tendensiyalar müşahidə edilir. İlin birinci yarısında bu sahədə əmtəə resurslarının 64%-nin idxal resursları hesabına formalaşması fonunda belə göstərici xüsusi narahatlıq doğurur. Ötən ilin dekabrın sonunda isə əvvəlki illə müqayisədə Ermənistanda donuzların sayında 10% azalma qeydə alınıb.
- Amma idxal edilən donuz ətinin qiyməti 10 sent artdığı halda, parakəndə satışda bu artım 4 dəfədən artıq olub. Yalnız sentaybr ayında bu məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% artıb. Digər faktorlarla yanaşı bunun qarabağlı fermerlərin öz məhsullarını Ermənistanda satmaq imkanından məhrum olunması ilə də izah edirlər. Bundan əlavə, Azərbaycanla həmsərhəd zonalarda fermerlərin heyvanları otlağa çıxarmaqdan çəkinməsi də səbəb kimi göstərilir. Çünki belə şəraitdə əksər təsərrüfatlar üçün heyvandarlıqla məşğul olmağa çətinlik çəkirlər,-Qriqoryan deyib.
Çörəklə bərabər əhalinin aztəminatlı təbəqəsinin rasionunda əhəmiyyətli yer tutan və adətən ucuz olan kartof sentyabr ayında illik nisbətdə təxminən 67% artıb, onun əkin sahələri isə 1,8% azalıb.
Cari ilin ilk altı ayında Ermənistana idxal olunan şəkərin qiyməti illki ölçüdə 75% artıb ki, bu da daxili bazarda qiymətlərin yüksəlişini şərtləndirib. Lakin bu müstəvidə daha çox inhisarçılıq hallarından şübhələnən ekspertlər bahalaşmanın əsl səbəblərinin araşdırılmasının iqtisadi rəqabət komissiyasının işi olduğunu vurğulayırlar.
Ümumilikdə ötən ilin noyabrında ABŞ dollarının məzənnəsinin 500 dramı keçməsi idxal məhsullarının qiymətinin artmasına təkan verib. Smbat Qriqoryanın fikrincə, problemlər yalnız yuxarıda qeyd olunan məhsullara qiymət artımı ilə məhdudlaşmır. Çünki ölkədə əksər mallara qiymətlərin formalaşmasında tam anarxiya hökm sürür ki, isqtisadi rəqabət komissiyası və hökumətin iqtisadi bloku da bununla məşğul olmaqda maraqlı deyillər.