“Facebook” şirkəti qarşıdakı illər ərzində fəaliyyətini daha çox gənc istifadəçilərə uyğunlaşdırmağı nəzərdə tutur.
NUHÇIXAN İnformasiya Agentliyi “Reuters”ə istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Mark Zukerberq səhmdarlarla görüş zamanı bildirib.
Onun sözlərinə görə, yaxın illərdə “Facebook” sosial şəbəkədən daha çox “metakainat”la, yəni virtual məkanla əlaqədar fəaliyyət göstərəcək: "Bu istiqamətdə işləri genişləndirmək üçün məhsullar qrupu yaradan “Facebook”un qarşıdakı 5 il ərzində Avropada 10 min əməkdaşı işlə təmin etmək niyyətindədir".
“Bu sərmayə yaxın gələcəkdə mənfəət gətirməyəcək. Lakin metakainatın mobil interneti əvəzləyəcəyinə inanırıq” – M.Zukerberq deyib.
Qeyd edək ki, görüşdən əvvəl şirkətin bu ilin üçüncü rübünə dair dərc olunan maliyyə hesabatına görə, şirkətin gəliri rüb ərzində 17 faiz artaraq gözlənilən 29,57 milyard dollara qarşı 29 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çoxdur.
Ötən gün keçirilən hərraclarda 1 faizədək bahalaşan “Facebook”un səhmləri ilin əvvəlindən bu yana 20 faizədək artıb.