Münaqişələr nəticəsində dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 48 milyon nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işi üzrə xüsusi məruzəçisi Sesilya Himenes-Damari təşkilatın Baş Assambleyasının üçüncü komitəsində çıxışı zamanı deyib.
“Silahlı münaqişələr və zorakılıqlar nəticəsində evlərini tərk edən insanların sayı 48 milyon nəfərə çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Münaqişələr və geniş yayılmış zorakılıq şəraitində beynəlxalq humanitar hüquq və insan haqlarının yerinə yetirilməsini təmin etmək getdikcə çətinləşir”, - deyə Sesilya Himenes-Damari bildirib.
Onun sözlərinə görə, münaqişələr və zorakılıqlar, həmçinin təbii fəlakətlər və 2020-ci ildən başlayan pandemiya səbəbindən əhalinin yerdəyişməsi daha da kəskinləşə bilər.