Romada G20 Liderlərinin Sammiti başlayır

A- A A+

“Böyük iyirmilik” (G20) ölkələrinin liderləri qlobal problemləri müzakirə etmək üçün Romada toplaşıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın “Böyük iyirmiliyə” sədrliyi çərçivəsində oktyabrın 30-31-də Romada G20 Liderlərinin Sammiti başlayır. Nuvola Konqres Mərkəzində keçiriləcək sammitdə 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.

Dünyanın aparıcı 20 iqtisadiyyatının liderləri sayca 16-cı sammitdə ikiillik fasilədən sonra ilk dəfə üzbəüz müzakirələr aparacaqlar. Rusiya, Çin, Yaponiya və Meksika kimi ölkələrin liderləri sammitə videobağlantı yolu ilə qoşulacaqlar.

Romaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində müxtəlif görüşlər keçirəcəyi gözlənilir. ABŞ Prezidenti Co Bayden İtaliyaya səfəri çərçivəsində ikitərəfli görüşlər keçirib. Hindistanın Baş naziri Narendra Modi, Koreya Respublikasının Prezidenti Mun Ce-in və Fransa Prezidenti Emmanuel Makron Romaya ilk gələn liderlərdəndir.

Liderlər iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması və Əfqanıstanla bağlı məsələləri müzakirə edəcəklər. Sammitdə, həmçinin bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi və qlobal ticarət sistemində şəffaflıq kimi məsələlər nəzərdən keçiriləcək.

Sammit “Dünya iqtisadiyyatı və qlobal səhiyyə”, “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” mövzularında üç sessiyadan ibarət olacaq. İtaliyanın Baş naziri Mario Draqi sammitə gələn bütün liderləri qarşılayacaq, Zirvə görüşünün ilk iclasından əvvəl birgə foto çəkdiriləcək. Liderlər üçün xüsusi mədəni proqram hazırlanıb, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın adından şam yeməyi veriləcək. Sonuncu sessiyasından sonra mətbuat konfransı keçiriləcək.

İtaliya sammitlə bağlı əlaqədar sərhəddə nəzarət tədbirlərini gücləndirib, Romada 5300 polis təhlükəsizliyə cavabdeh olacaq. Mühafizəçilərin sayının 8-10 min civarında olacağı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: