Romada G20 Liderlərinin Sammiti başa çatıb - FOTOLAR
İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi çərçivəsində Romada keçirilən G20 ölkələrinin liderlərinin ikigünlük sammiti oktyabrın 31-də başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qlobal problemlərin müzakirə edildiyi sammitin ikinci günündə “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” mövzularında sessiyalar keçirilib. G20 ölkələrinin liderləri iqlim dəyişikliyi ilə mübarizə, COVID-19 pandemiyasından sonra iqtisadiyyatın bərpası, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, bərabərsizliklərlə mübarizə, qadınların səlahiyyətlərinin artırılması, enerjidə transformasiyanın sürətləndirilməsi, qlobal ticarət sistemində şəffaflıq və Əfqanıstanla bağlı məsələləri müzakirə ediblər.
Sammitdə qlobal minimum korporativ vergi müqaviləsi təsdiqlənib və müqavilə “Google”, “Amazon”, “Microsoft” və “Facebook” kimi şirkətlər də daxil olmaqla qlobal şirkətlərin 2023-cü ildən etibarən ən azı 15 faiz dərəcə ilə vergiyə cəlb olunmasını nəzərdə tutur.
Liderlər, həmçinin dünyanın ən məşhur fəvvarələrindən biri sayılan Romadakı Trevi fəvvarəsini ziyarət ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirib
Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Baydenin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib. Görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər. NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.
Ağ Ev görüşdə Co Baydenin konstruktiv münasibətləri davam etdirməyi, əməkdaşlıq sahələrini genişləndirməyi və fikir ayrılıqlarını effektiv idarə etmək istəyini vurğuladığını açıqlayıb. Bildirilib ki, ABŞ Prezidenti Türkiyənin NATO-nun Əfqanıstandakı missiyasına iyirmi ilə yaxın müddətdə verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib. Liderlər Suriyadakı siyasi prosesləri, Əfqanıstana humanitar yardımın çatdırılmasını, Liviyadakı seçkiləri, Şərqi Aralıq dənizindəki vəziyyəti və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər.
Türkiyə Prezidentinin Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə də görüşləri olub. Rəcəb Tayyib Ərdoğan, həmçinin mətbuat konfransı keçirib.
Sammitin yekununa dair birgə bəyanat qəbul edilib
G20 Liderlərinin Sammitinin yekununa dair qəbul edilən bəyanatda cari ilin sonunadək dünya əhalisinin ən azı 40 faizinin, 2022-ci ilin ortalarına qədər isə 70 faizinin COVID-19 əleyhinə peyvənd olunmasının hədəfləndiyi açıqlanıb. Yeni peyvəndlərin hazırlanması müddətinin 300 gündən 100 günədək azaldılması və vaksinlərin ədalətli paylanılması barədə razılıq əldə olunub.
Liderlər qlobal istiləşmənin 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması üçün səylərin artırılmasına çağırıblar. Atmosferə atılan istixana qazlarının 2050-ci ilədək minimuma endirilməsi barədə də razılığa gəlinib.
İtaliyanın G20-yə sədrliyi başa çatıb və sədrlik İndoneziyaya ötürülüb
Dünyanın aparıcı 20 iqtisadiyyatının liderlərinin sayca 16-cı sammitdə ikiillik fasilədən sonra ilk dəfə üzbəüz müzakirələr aparılıb, toplantıda 35 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Bununla da İtaliyanın G20-yə sədrliyi başa çatıb və sədrlik İndoneziyaya ötürülüb. Ötən il dekabrın 1-dən G20-yə sədrlik edən İtaliya bu müddətdə ümumilikdə 175 tədbir keçirib, onlardan 20-si nazirlər səviyyəsində olub. İtaliya, həmçinin mayın 21-də Qlobal Səhiyyə Sammitini, oktyabrın 12-də isə Əfqanıstanla bağlı liderlər səviyyəsində videokonfrans vasitəsilə fövqəladə sammit təşkil edib.
“Böyük iyirmilik” ölkələri dünya iqtisadiyyatının 80 faizini, qlobal ticarətin 75 faizini və dünya əhalisinin 60 faizini əhatə edir. G20 müxtəlif qitələrdən inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir.
G20 1999-cu ildə maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin məsləhətləşmələri üçün yaradılıb, 2008-ci ildən bəri isə dövlət və hökumət başçılarını bir araya gətirir. Liderlərin ilk sammiti 2008-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilib.