Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Əl Ula bölgəsində aparılan arxeoloji qazıntılar zamanı yox olmuş qədim Dadan və Lihyan krallıqlarının xarabalıqları aşkar edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beynəlxalq arxeoloji ekspedisiya 2019-cu ildə qonşu İordaniyada 2 min il tarixi olan Mədəin Salih sərdabəsini aşkar etdikdən sonra Əl Ulada səhra və dağlıq ərazilərdə qazıntılar aparıb. Dadani və lihyani sivilizasiyalarının izlərini axtaran arxeoloqlar qum təpələrinin altında qalmış sarayları aşkar ediblər.
Ekspedisiyanın rəhbəri Əbdülrəhman əl-Sohabiyani jurnalistlərə müsahibəsində bildirib ki, müasir Mədinə şəhərindən İordaniyaya qədər ərazini əhatə edən bu qədim krallıqlar İslamdan əvvəl mövcud olub və sonralar onların yerləşdiyi şəhərlər tərk edilib. Arxeoloqlar burada yaşamış insanların dini ayinləri, məişəti, mədəniyyəti barədə artefaktların tapılması istiqamətində işi davam etdirirlər.
Səudiyyə Ərəbistanı hökuməti bu əraziləri beynəlxalq turizm məkanına çevirmək niyyətindədir. Bu məqsədlə Əl Ula bölgəsinə böyük məbləğdə maliyyə vəsaiti ayrılıb.