Dünyanın 100-dən çox ölkəsinin lideri 2030-cu ilədək meşələrin qırılması prosesini dayandırmaq barədə razılığa gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi BBC telekompaniyasına istinadla xəbər verir ki, bu, Qlazqo şəhərində keçirilən iqlim üzrə sammit çərçivəsində əldə olunan ilk böyük razılaşmadır. Qərarı dəstəkləyən ölkələr arasında Braziliya, Rusiya, Kanada, Kolumbiya, ABŞ, Böyük Britaniya və İndoneziya da var. Ümumilikdə dünyadakı meşə sahələrinin təxminən 85 faizi bu ölkələrin ərazisində yerləşir.
Razılaşma əsasında ayrılacaq 20 milyard dollar vəsaitin bir hissəsi zərər çəkmiş meşələrin bərpasına və meşə yanğınları ilə mübarizəyə yönəldiləcək.
Həmçinin sammitdə iştirak edən 28 ölkə kənd təsərrüfatı məhsulları, əsasən də palma yağı, kakao və soya istehsalı üçün meşələrin qırılmasına son qoymaq qərarına gəlib. İndoneziya dünyanın ən böyük palma yağı ixracatçısıdır. Bu məhsulun istehsalı meşələrin məhv edilməsinə və yerli xalqların yaşadığı ərazilərin itirilməsinə səbəb olur.
Planetdəki bütün ağaclarının beşdə biri Rusiyadakı meşələrin payına düşür. Onlar hər il 1,5 milyard ton karbon qazını udur.
Dünyanın yağışlı Amazon meşələrinin böyük hissəsi Braziliyadadır, lakin 2020-ci ildə onların qırılması prosesi rekord sürətlə davam edib.
Xatırladaq ki, oktyabrın 31-də Qlazqo şəhərində başlayan COP26 İqlim Sammiti noyabrın 12-dək davam edəcək. Tədbirdə 200-ə yaxın ölkənin nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.