Şotlandiyanın Qlazqo şəhərində keçirilən COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) heyvandarlıqdan istixana qazı olan qalıq yanacaq hasilatı və metan emissiyalarını azaltmaq barədə razılığa gəlinəcəyi gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikihəftəlik iqlim konfransının ikinci günündə liderlər 2030-cu ilə qədər metan emissiyalarını 30 faiz azaltmaq öhdəliyi götürəcək.
Konfransın ilk günündə Hindistan 2070-ci ilə qədər istixana qazı emissiyalarını sıfırlamağa söz verib. Tədbirin əsas məqsədlərindən biri 2050-ci ilə qədər bu hədəfə nail olmaqdır.
Xatırladaq ki, konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyətinin təmsil edib.
Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ölkəmiz Paris Sazişini 2016-cı ilin oktyabrında ratifikasiya edib. Paris Sazişi ölkələrin təqdim etdiyi Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC - Nationally Determined Contribution) əsasən öhdəlikləri müəyyən edir.
Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədində baza ili (1990) illə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. Paris Sazişi üzrə götürülmüş öhdəliklər könüllü xarakter daşıyır. Tullantıların sektorlar üzrə bölgüsünə gəldikdə istilik effekti yaradan qaz tullantılarının əksəriyyəti energetika sektorunun payına düşür (qəbul olunmuş beynəlxalq metodologiyaya əsasən nəqliyyat da energetika sektoruna daxildir).
İstilik effekti yaradan qazların qlobal emissiyalarında ən çox payı olan 5 ölkə bunlardır: Cin (28 faiz), ABŞ (15 faiz), Hindistan (7 faiz),
Rusiya (5 faiz), Yaponiya (4 faiz).
İstilik effekti yaradan qazların dünya üzrə ümumi emissiyalarında Azərbaycanın payı 0,15 faiz təşkil edir.