Türkiyənin Malatya vilayətində çökən bina ilə bağlı qardaş ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhiyyə naziri çökən binanın Malatyanın mərkəzində yerləşdiyi və indiyədək dağıntılar altından 13 nəfər yaralının çıxarıldığını bildirib.
Deyib ki, xəsarət alanların müalicəsi xəstəxanalarda davam etdirilir. Hadisə yerinə 28 təcili tibbi yardım avtomobili və iki milli tibbi xilasetmə qrupu (UMKE) cəlb olunub.
Xatırladaq ki, bu gün axşam saatlarında çökən və əsasən iş yerlərindən ibarət ikimərtəbəli binada market, çörək sexi, çay evi, restoran kimi bir çox ictimai obyektlər yerləşib. Bu səbəbdən dağıntılar altında daha neçə nəfərin qaldığı məlum deyil. Bölgədə elektrik enerjisi və təbii qazın verilməsi dayandırılıb. Ərazidə qaz sızmasının olduğu bildirilir. Çökən binanın ətrafında yerləşən bir neçə bina qabaqlayıcı tədbirlər səbəbindən boşaldılıb.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Axtarış-xilasetmə işləri davam edir.