Azərbaycanda Şuşanın işğaldan azad olunmasının ildönümünün atəşfəşanlıqla qeyd edilməsi İrəvanda bir çox siyasətçilərdə qıcıq oyadıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli mediaya açıqlamalar verən deputat və partiya sədrləri hakimiyyətə öz nifrətlərini yağdırırlar.
Ermənistan parlamentinin aparat rəhbərinin sabiq müavini, "Vətən" partiyasının funksioneri Arsen Babayan deyib ki, Paşinyan guya Şuşa hadisələrinin qarşısını ala bilərmiş.
- Şəxsən siz(Paşinyan-red.) hamını Şuşanın müdafiəsinə çağırdınız. Tələb etdiniz ki, 10-15 nəfər yığışıb, zarafatlaşıb Şuşanın müdafiəsinə getsinlər. Hamının öldürülməsini istəyirdin?
Bu müharibədə qalib gələcəyimizi, güclü olduğumuzu, ordumuzun döyüşə hazır olduğunu qətiyyətlə bəyan edərək hamımızı aldatdın.
"Qarabağda bütün dünyaya "Artsax"ın(Keçmiş qondarma rejim-red.) Ermənistan olduğunu dediniz. Başqa diplomatik uğursuzluqlar da gətirdiniz. Əgər Şuşa boz, bəxtsiz şəhər idisə və sənin vətənin deyildisə, niyə oktyabrın 20-də müharibəni dayandırmağa razı olmadın? Ürəyiniz daha çox gəncin qurban getməsini istəyirdi?
Bizdən fərqli olaraq, siz ilk gündən bilirdiniz ki, müharibəni uduzub sonda Şuşanı təslim edəcəksiniz. Siz şəxsən son bir ildə bu barədə yüz dəfə danışmısınız. Şəxsən dediniz ki, Şuşa kədərlidir, bədbəxtdir. Sizin düşüncənizə görə vətən abadlaşdırılan ərazilər sayılır. Onu da bildirirdiniz ki, ordu o qədər talan edilib ki, bu ordunun köməyi ilə qalib gəlmək mümkün deyil. Siz qeyd etmişdiniz ki, əvvəlki danışıqlar o qədər uğursuz oldu ki, Qarabağı itirməmək mümkün deyildi.
Əgər belə idisə, niyə hamımızı aldadırdınız ki, guya Qarabağın səması düşmən üçün tamam bağlanıb? Sanki ən güclü silahı aldınız və bununla da 80-ci illərin səhifəsini bağladınız. Minlərlə erməninin ölümünə səbəb olmaq üçün fırıldaq işlətdiniz?"