Ermənistan ordusunda fərariliyi şərtləndirən başlıca amil

A- A A+

Ötən il sentyabrın 27-də Azərbaycan Respublikasının Ermənistanın hərbi təxribatlarından sonra başladığı müharibənin davam etdiyi 44 gün təkcə ölkəmizin parlaq Qələbəsi və otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərimizin azad edilməsi ilə yadda qalmadı.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən müharibəsinin gedişində hər iki ölkənin döyüşən ordusu arasında qabarıq görünən faktlardan biri də şəxsi heyətlər arasında gedən qarşılaşmalarda ortaya çıxdı.

Bu, müharibənin ilk günlərində ancaq döyüşən ordunun komandanlığı tərəfindən diqqət çəkən detallar deyildi, elə həmin dövrdə cəbhədən gələn xəbərləri şərh edən bitərəf hərbi ekspertlərin müşahidə etdikləri gerçəklik idi. Təsadüfi deyil ki, onlar tərəfindən təhlil edilən bu gerçəkliklər 2020-ci il oktyabr ayının birinci ongünlüyündə Azərbaycanın Qələbə qazanacağının şübhə doğurmadığını demək üçün əsas verirdi. Qələbəni şərtləndirən amillər barədə isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində, şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib: “Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam Qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi - bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur”.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində Azərbaycan və Ermənistan ordularını müqayisə edərək ölkəmizdə Ali Baş Komandan-Ordu-Xalq birliyinin qələbəmiz üçün başlıca şərt olduğunu vurğulayıb. Dövlətimizin başçısı ilk dəfə həmin müraciətində Ermənistan ordusunda mənəvi-psixoloji vəziyyəti müəyyənləşdirən məqamlar üzərində geniş dayanıb, bu ordunun məğlubiyyətini qaçılmaz edən faktorlardan danışıb: “Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz”.

Qarabağın işğaldan azad olunmasını təmin edən Vətən müharibəsi ilk dəfə bu aspektdən və geniş auditoriyanı əhatə edən tribunadan təqdim olunurdu. Düzdür, istər 44 günlük müharibədən əvvəl, istərsə də onun gedişi zamanı Ermənistan silahlı qüvvələrində fərarilik halları, bununla bağlı açılan cinayət işləri barədə KİV-də materiallar epizodik görünmürdü, lakin fərariliyi doğuran amilləri araşdırmaq da heç kimin ağlına gəlmirdi. Hələ müharibə başlamazdan səkkiz ay əvvəl “Regnum.ru” saytı Ermənistanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verirdi: “2017-ci ilin yanvarına qədər axtarışa verilən 12 min 698 nəfərin 10 min 741 nəfəri hərbi xidmətdən boyun qaçıranlar olub. Onlar barəsində Cinayət Məcəlləsinin 327-ci maddəsi ilə cinayət işi açılıb”.

Bu, bir tərəfdən Ermənistan ordusunda bərqərar olmuş dözülməz şəraitlə bağlı idisə, digər tərəfdən erməni gənclərinin özününkü olmayan torpaqlar uğrunda döyüşmək istəməməsinin nəticəsi idi. Prezident İlham Əliyev əslində Ermənistan ordusunun hansı prinsiplər və əsaslar üzərində qurulduğu, hansı mənəvi normalarla idarə edildiyini vurğulamaqla hər bir silahlı qüvvələrin güc mənbəyini göstərirdi. Bu mənada Ali Baş Komandanın Ermənistan ordusu barədə söylədiyi fikirlər diqqətçəkəndir: “Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar”.

Ordusunda mövcud vəziyyətə bələd olan rəsmi Ermənistanın bununla bağlı siyasi qərara müharibənin ikinci günündə hüquqi forma verməsi “Arka.am” saytında yayımlanan “Ermənistanda xidmətdən yayınma və fərariliyə görə cəzalar sərtləşdirilib” sərlövhəli yazıda ifadə olunurdu. 2020-ci il oktyabrın 28-də saat 16:17-də nəşrin elektron versiyasında yerləşdirilən, Ermənistan Milli Məclisinin növbədənkənar iclasının materialları əsasında hazırlanan yazıda göstərilirdi ki, sessiyada ikinci və yekun oxunuşda müharibə dövründə bəzi əməllərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişiklik layihəsini qəbul edib: “Müharibə dövründə hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınma əvvəllər nəzərdə tutulduğu kimi, 4 ildən 8 ilədək deyil, 6 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Müharibə dövründə vəzifə borcunu yerinə yetirməkdən və ya vergi ödəməkdən yayınan şəxslər üçün cəzanın ən yüksək həddi 4 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmədən bir ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Müharibə dövründə əmrə tabe olmamağa görə cəza 5 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmədən 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib”.

Xatırladaq ki, qanun layihəsi müharibənin birinci günündə ortaya çıxan mənzərədən sonra Ermənistanın müdafiə nazirinin sabiq müavini Qabriel Balayan tərəfindən təqdim edilib. Həmin mənzərə istefaya göndəriləndən iki gün sonra Ermənistan müdafiə nazirliyi hərbi nəzarət xidmətinin sabiq rəisi, general-polkovnik Movses Akopyanın səsləndirdiyi rəqəmlərdən daha aydın görünür: “44 günlük müharibə zamanı Ermənistan ordusunda səfərbərlik faizi Dağlıq Qarabağda 78 faiz, Ermənistanda isə 52 faiz təşkil edib”.

Ermənistan ordusunun baş qərargah rəisinin keçmiş müavini, keçmiş hərbi komissar, general-mayor Levon Stepanyan 2020-ci il noyabrın 13-də “Sputnik Armenia”ya bildirib ki, çoxsaylı döyüş iştirakçıları və hüquq-mühafizə orqanlarından aldığı məlumatlara görə, ordu sıralarından minimum 10 min əsgər fərarilik edərək döyüşü tərk edib. Noyabrın 11-də isə həmin nəşrdə Arayik Harutyunyanın aşağıdakı fikirləri yer alıb. “Oktyabrın 3-də Qarabağın şimalındakı döyüş mövqelərindən birinə gələndə ordunun bir hissəsi geri çəkil, arxa cəbhəni təmin etmək üçün kifayət qədər resursun olmadığını bəhanə gətirən bəzi bölmələr irəlidə mövqe tutmaqdan imtina ediblər”.

2020-ci il noyabrın 19-da isə BBC-nin rus xidməti yazıb: “Movses Akopyan artıq müharibənin beşinci günündə 1500 əsgərin fərarilik etdiyini demişdi. General əlavə edib ki, onları Qarabağda saxlayıblar ki, Ermənistana qayıdıb çaxnaşma yaratmasınlar”.

Ötən il dekabrın 21-də Rusiyanın eadaily.com/ru/ saytında yayımlanan “Qarabağ müharibəsinin əks-sədası: Ermənistan Baş Prokurorluğunda yüzlərlə cinayət işi qaldırılıb” sərlövhəli redaksiya məqaləsində qeyd olunub: “Ermənistanın Baş Prokurorluğu bu gün - dekabrın 21-də Qarabağ münaqişəsi zonasında son müharibə zamanı yol verilmiş səhvlər, qanun pozuntuları, cinayət ehtiyatsızlığı halları barədə kütləvi informasiya vasitələrində gedən çoxsaylı məlumatlar əsasında başlanmış və təhqiqat aparılan yüzlərlə cinayət işi haqqında məlumat yayıb. İstər müharibə zamanı, istərsə də ondan sonra yerli mətbuatda çoxsaylı yazılar dərc olunub, indiki və keçmiş məmurların xəyanət, məmur səhlənkarlığı, hərbi qulluqçuların hərbi xidmətdən qaçması, hərbi təchizatın qəsdən pozulması, müəyyən yaşayış məntəqələrinin qəsdən təslim edilməsi halları barədə açıqlamaları dərc olunub”.

Ermənidilli “Joğovord” nəşri bu il yanvarın 19-da “10 mindən artıq Ermənistan vətəndaşı fərarilikdə ittiham olunur” sərlövhəli məqaləsində yazır: “Dindirilmə zamanı təqsirləndirilən şəxslər müharibəyə asanlıqla getdiklərini, lakin “göydən alov yağanda”, həmkarları “gözləri önündə külə çevriləndə” ya ölməli, ya da xilas olmaq üçün qaçmalı olduqlarını deyirlər. Müstəntiqlər isə fərarilərin hərəkətlərini qanun nöqteyi-nəzərindən necə qiymətləndirəcəklərini bilmirlər. Bu məsələ hələ də səlahiyyətli orqanlar tərəfindən həllini tapmayıb”.

Fevralın 11-də “Vestnik Kavkaza” nəşrində yayımlanan redaksiya məqaləsində rusiyalı hərbi ekspert Oleq Kuznetsov erməni hərbçiləri arasında yayılan fərariliyin səbəbini Azərbaycan Ordusunun gücündə olduğunu vurğulayıb: “Məsələ Azərbaycan Ordusunun total hərbi-texniki üstünlüyündən gedir. Bu, təbii ki, mənəvi-psixoloji ruhu dağıtdı. Belə şəraitdə dözümlülüyü saxlamaq demək olar ki, mümkün deyil. Bu, kütləvi fərariliyə gətirib çıxardı”. Rusiyalı hərbi ekspert Ermənistan ordusundakı fərarilik halları ilə bağlı başqa maraqlı fakt haqqında isə belə danışıb: “Qeyd edək ki, fərarilərin əsas hissəsi döyüş meydanından qaçmayıb – ya cəbhə xəttində torpağın altında qalıb, ya həlak olub, ya da əsir düşüblər. Sağ qalanlar isə müharibənin üçüncü günündə, yolda Azərbaycan dronları tərəfindən fiziki məhv edilib. Fərarilərin əksəriyyəti cəbhə xəttinə belə çatmayıb”.

Ermənistan ordusunda fərarilik problemi “Krasnaya Vesna” informasiya agentliyinin də diqqətini cəlb edib. Agentlik “Sputnik Armeniya”nın 2020-ci il noyabrın 13-də canlı proqramının qonağı, Ermənistanın keçmiş hərbi komissarı Levon Stepanyanın ritorik sualını təkrarlayıb: “Döyüş mövqelərini tərk etmiş çoxlu saytda fərarimizin olması faktı bir çox döyüşçülər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təsdiqlənir. Bu vəziyyətdə nə etməliyik? Təbii ki, heç kim bağışlaya bilməz”. Onun sözlərinə görə, fərarilərin hamısını həbs etmək mümkün deyilsə, o zaman onları cəzalandırmaq üçün alternativ yol tapmaq lazımdır: “Əgər indi hakimiyyət bu fərarilik hallarına göz yumsa, bu, təhlükəli presedentə çevrilə bilər”.

Həmin “təhlükəli presedent”dən çəkinən general unudur ki, fərariliyi yaradan başqa bir amil haqlı olmadığı halda döyüşə girən ordunun tərkibində xidmət etməklə başlayır və bu gün Yerevan küçələrində revanşist çağırışlar edən “millət fədailəri” bunu bilməmiş deyillər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının 2020-ci il dekabrın 18-dəki iclasında etdiyi çıxışında belə ifadə olunub: “Ermənistanda gedən daxili siyasi proseslərə əsla müdaxilə etmək niyyətində olmadan bircə onu demək istərdim ki, darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: