Mütəxəssis: "Yerə yaxınlaşan asteroid potensial təhlükəli obyektlərin məlumat bazasına daxil edilməyib"
“Yerə yaxınlaşan 2016 JG12 asteroidi ilə bağlı planet üçün heç bir təhlükə gözlənilmir.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya Planetar Müdafiə Mərkəzinin baş direktoru Anatoli Zaitsev “Zvezda” telekanalına müsahibəsində bildirib.
Mütəxəssis əlavə edib ki, son bir il ərzində Yerin cazibə sferasında uçan 300-dən çox asteroid aşkar edilib. Yəni 1 milyon km radisuda (Aya olan məsafədən 2,5 dəfə çox) hər gün hansısa asteroid uçur. Kiçik, böyük, orta. Bu, adi bir fenomendir”.
Ekspert xatırladıb ki, sözügedən asteroid hələ 2016-cı ildə kəşf edilib və 5 ildən sonra o, artıq ikinci və ya üçüncü dəfə Yerə yaxınlaşır: “2016 JG12 potensial təhlükəli obyektlərin məlumat bazasına daxil edilməyib”.
Qeyd edək ki, noyabrın 16-da səhər saatlarında NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzi bildirmişdi ki, hazırda planetimizə potensial təhlükəli asteroid yaxınlaşır və o, noyabrın 20-də Yerə yaxınlaşacaq.
Bildirilib ki, 2016 JG12 adlı kosmik obyekt 7,48 km/s sürətlə 5,5 milyon km məsafəyə uçacaq.
Asteroidin diametri 83-190 m arasındadır.