Yaponiyanın “JR East” dəmir yolu şirkətinin əməkdaşları ilk dəfə maşinistsiz “Shinkansen” sürət qatarının sınaqlarını keçiriblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə NHK telekanalı noyabrın 17-də məlumat yayıb. Bildirilir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasındakı dəmir yolu xəttində keçirilib. Baş vaqonda olan maşinist bu zaman idarəetmə panelinə toxunmayıb və yalnız baş verənlərə nəzarət edib. Sınaqlar zamanı, “Shinkansen” qatarı saatda 100 kilometr sürətlə hərəkət edib. Bu zaman ştatdankənar heç bir vəziyyət qeydə alınmayıb.
Telekanalın bildirdiyinə görə, Yaponiyada maşinistsiz qatarların sınaqları əhalinin çox böyük sürətlə qocalması ilə əlaqədardır. Dəmir yolu şirkətləri yaxın gələcəkdə kadr çatışmazlığı ilə qarşılaşacaqlarından ehtiyat edirlər.