ABŞ Prezidenti Co Bayden cümə günü xəstəxanada anesteziya altında olduğu müddətdə səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Xarrisə verəcək.
NUHÇIXAN İnformasiya Agentliyi CNN telekanalına istinadla xəbər verir, bunu Ağ evin mətbuat katibi Cen Psaki bildirib. Onun sözlərinə görə, prezident xəstəxanada kolonoskopiya olunacaq.
Bu, Bayden administrasiyasının hakimiyyətə gəlməsindən bəri ilk belə haldır.
“Prezident bu gün səhər Uolter Rid tibb mərkəzində planlı tibbi baxışdan keçəcək, orada ona kolonoskopiya ediləcək. ABŞ konstitusiyasında müəyyən edilmiş prosedura uyğun olaraq, Prezident Bayden anesteziya altında olduğu zaman səlahiyyətlərini qısa müddətə vitse-prezidentə verəcək”, - xanım Psakinin yazılı bəyanatında belə deyilir.
O, həmçinin qeyd edib ki, günün ikinci yarısında Ağ ev tibbi müayinənin nəticələrinə əsasən dövlət başçısının sağlamlıq vəziyyəti barədə yazılı hesabat dərc edəcək.