Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda noyabrın 19-da yerli vaxtla saat 15:40-da baş verən 5.1 bal gücündə yeraltı təkan zəif dağıntılara səbəb olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin rəsmi dairələrindən məlumat yayılıb. Bildirilir ki, Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) xilasedici qüvvələri, təcili tibbi yardım maşınları, yanğınsöndürənlər təbii fəlakət bölgəsinə cəlb olunublar.
Yerli vaxtla 21:00-a olan məlumata görə, zəlzələ nəticəsində iki kənddə tikililərdə uçqun və zədələr qeydə alınıb. Dörd nəfər xəsarət alıb, iki nəfər dağıntılar altından çıxarılıb.
Uçqunlar nəticəsində dağlıq və dağətəyi yollara zərər dəyib. Müvəqqəti bağlanan yollarda nəqliyyatın hərəkəti bərpa olunub.
Qeyd edək ki, ocağı yerin 6,94 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss olunub.